Aprelin 23-də İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, “Esen Tekstil” MMC-nin təşəbbüsü və sponsorluğu ilə “Tekstil sektoru”na həsr olunmuş sektorial görüş təşkil olunub. Tədbirin əsas məqsədi tekstil sahəsində fəaliyyət göstərən qurumlarla dövlət–özəl tərəfdaşlığını gücləndirmək, həmçinin sahədə mövcud aktual məsələlərin müzakirəsi olub.
Görüşdə tekstil sahəsində fəaliyyət göstərən 100-ə yaxın sahibkar və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbiri açılış nitqi ilə başlayan İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev assosiasiyanın fəaliyyəti və sektorial görüşlərin məqsədi haqqında məlumat verib. O bildirib ki, bu cür görüşlər müxtəlif sahələr üzrə sahibkarların və mütəxəssislərin vahid platformada bir araya gətirilməsinə xidmət edir. Tural Mustafayev qeyd edib ki, tekstil sektoru ölkənin qeyri-neft iqtisadiyyatının inkişafında mühüm rol oynayır və bu sahədə dövlət qurumları, istehsalçılar və biznes nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu tip təşəbbüslər yerli istehsalın genişlənməsinə, ixrac imkanlarının artırılmasına və yeni layihələrin formalaşmasına töhfə verir.
Tədbirdə çıxış edən Azərbaycan Tekstil Assosiasiyasının İcraçı direktoru Fəridə Axundova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov, Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Osman Xaliyev, Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş idarəsinin rəisi Nicat İmanov, Gömrük Siyasəti Baş İdarəsinin Tarif tənzimlənməsi şöbəsinin rəisi Musa Abbaszadə, İCMA İdarə Heyəti sədrinin müavini və “Moon Group” şirkətinin təsisçisi Ruslan Quliyev, “Azera” Holdinqin rəhbəri Akif Əliyev və “Esen Tekstil” MMC-nin təsisçisi Rəşid Xəlilov çıxış edərək tekstil sektorunda aparılan islahatlar və yeniliklər barədə fikirlərini bölüşüblər.
Çıxışlarda tekstil sənayesinin inkişaf istiqamətləri, yerli istehsalın gücləndirilməsi, ixrac potensialının artırılması, müasir texnologiyaların tətbiqi və əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığı məsələləri xüsusi vurğulanıb.
Sonda “Tekstil sektorunun axşam ziyafəti” tədbirinin təşkilində göstərdiyi dəstəyə görə Rəşid Xəlilov təltif olunub.
Görüş zamanı tekstil sahəsində tətbiq olunan yeniliklər, istehsal proseslərinin optimallaşdırılması, yerli brendlərin inkişafı və dövlət–biznes əməkdaşlığının perspektivləri ətrafında müzakirələr aparılıb. Tədbir iştirakçılar arasında fikir mübadiləsi və yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi ilə yekunlaşıb.


