Doha şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında birgə iqtisadi, ticarət və texniki Komissiyanın 4-cü iclası çərçivəsində Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Qətər Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmilər və hər iki ölkədən iş adamları iştirak ediblər.
Biznes Şuranın iclasına Azərbaycan tərəfindən turizm, xidmət, sənaye, tikinti, inşaat, dizayn, tekstil və s. kimi sektorlarda fəaliyyət göstərən 30-a yaxın şirkətin və biznes assosiasiyasının nümayəndələri qatılıblar. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında birgə iqtisadi, ticarət və texniki Komissiyanın həmsədrləri – Qətərin Xarici Ticarət Məsələləri üzrə dövlət naziri Əhməd bin Məhəmməd Əl Sayed və Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Qətər Ticarət və Sənaye Palatasının sədrinin birinci müavini Məhəmməd bin Əhməd bin Tvar, Azərbaycan-Qətər Birgə Biznes Şurasının həmsədrləri – KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qətər Ticarət və Sənaye Palatasının İdarə Heyətinin üzvü Məhəmməd bin Cövher Əl Məhəmməd iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi perspektivləri barədə danışıblar.
Biznes Şurasının iclası çərçivəsində həmçinin, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu, Qətərin İnvestisiyaların Təşviqi Agentliyi və “Qətər Turizm” tərəfindən müvafiq olaraq Azərbaycanın və Qətərin biznes və investisiya imkanlarına dair təqdimatlar edilib. Həmçinin, Azərbaycan və Qətər iş adamları təmsil etdikləri şirkətlərin fəaliyyətinə və əməkdaşlıq imkanlarına dair məlumat veriblər. Tədbir çərçivəsində iş adamları arasında “B2B” görüşlər də keçirilib.
Səfər çərçivəsində KOBİA nümayəndələri Qətər İnkişaf Bankının baş direktoru Əbdürrəhman bin Hişam Əl-Süveydi ilə görüşüb. Görüşdə işgüzar dairələrin iştirakı ilə müxtəlif sektorlarda əməkdaşlıq imkanlarına, KOB-ların maliyyələşdirilməsi alətlərinə dair fikir mübadiləsi aparılıb.
Tədbirdə Biznes Şura çərçivəsində iş adamları arasında əməkdaşlığın inkişafına, ortaq layihələrin reallaşdırılmasına və qarşıdakı dövrdə Şuranın fəaliyyət istiqamətlərinə dair geniş fikir mübadiləsi aparılıb.
Marsol Group-un təsisçisi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri Tural Mustafayev, həmçinin İCMA üzvləri də tədbirdə iştirak ediblər. İCMA nümayəndələrinin iştirakı iki ölkənin işgüzar dairələri arasında əməkdaşlıq imkanlarının müzakirəsinə, birgə biznes təşəbbüslərinin dəyərləndirilməsinə və Azərbaycan sahibkarlarının Qətər bazarında yeni tərəfdaşlıqlar qurmasına töhfə verib.