3-cü dəfə təşkil olunan “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinin yekun tədbiri keçirilib.
Martın 6-da layihənin yekunlarına və 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirə layihənin təşkilinə dəstək göstərən qurumların nümayəndələri və layihədə iştirak edən 100-dən çox xanım sahibkar qatılıb.
Tədbirin rəsmi hissəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov, İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin Sədri Səkinə Babayeva çıxış edərək qadın sahibkarlığının inkişafının ölkə iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayıb, bu istiqamətdə həyata keçirilən təşəbbüslərin və layihələrin sahibkar xanımların biznes bacarıqlarının inkişafına mühüm töhfə verdiyini qeyd edib, sonda isə qarşıdan gələn 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanım sahibkarları təbrik ediblər.
Eyni zamanda, layihənin baş sponsoru “Məlhəm Beynəlxalq Hospital”ın direktoru Sevda Əlizadə , sponsoru “Corian Baku” şirkətinin təsisçisi Vüsal Musayev, tərəfdaşları “Gizli Bahçe” restoranının təsisçisi Recep Eraslan, “Ətirşah Parfüm”ün təsisçisi Sərdar Xasayev, rəsmi tərəfdaşı Kapital Bank-ın məhsul sahibi Aytən Əhmədli, çıxış edərək təmsil etdikləri qurumların fəaliyyəti haqqında məlumat verərək qadın sahibkarlığın dəstəklənməsinin əhəmiyyətindən danışıb, iştirakçıları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər.
Tədbirin davamında layihə çərçivəsində təşkil olunan görüşlər və fəaliyyətlərdə iştirak edən xanım sahibkarlar sertifikatlarla təltif olunub, proqramın bədii hissəsi isə əyləncəli şou proqramla davam edib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Kapital Bankın rəsmi tərəfdaşlığı ilə üçüncü dəfə təşkil olunan “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi ötən il olduğu kimi, bu il də xanım sahibkarlar arasında tərəfdaşlıq və netvörkinqin gücləndirilməsinə xüsusi töhfə verib. Təlimlər və tədbirlər, ofis-istehsalat ziyarətləri və sosial fəaliyyətlərin təşkil olunduğu layihədə müxtəlif sektorları təmsil edən 100-dən çox sahibkar iştirak edib.
Layihənin promo tərəfdaşı “Moon Group” şirkətidir.