Bu gün İş adamları Cəmiyyətinin Milli Assosiasiyası - İCMA, Marsol Group və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı və sahibkarların iştirakı ilə Füzuli rayonuna səfərimiz baş tutub.
Füzuli rayonunda Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunan müasir yaşayış kompleksinin tikintisi ilə yaxından tanış olundu. Layihə çərçivəsində inşa ediləcək qeyri-yaşayış obyektlərinin, o cümlədən iaşə müəssisələrinin yerləşdirilməsi və istifadəsi ilə bağlı məlumat verildi. Marsol Group partnyoru olan sahibkarlar Füzuli rayonunda yeni yaradılan iş yerləri və məşğulluğun təmin edilməsi məqsədilə iaşə obyektlərinin açılmasına dəstək göstərəcəklərini bildirdilər.
Daha sonra Hadruta doğru yola düşdük və orada sahibkarlarla birgə xatirə fotosu çəkdirdik. Növbəti ziyarətimiz Füzuli aeroportu və sənaye zonası oldu. Sahibkarlara Füzuli sənaye zonasında fəaliyyət göstərmək üçün öhdəliklər və imtiyazlar barədə ətraflı məlumat verildi.
Ümumilikdə, sahibkarlar bölgədə biznes fəaliyyəti açmaq və davamlı inkişaf üçün əlverişli imkanlarla tanış oldular. Füzuli rayonunda atılan addımlar və görülən işlər sahibkarlar tərəfindən yüksək qiymətləndirildi.