İCMA və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb.

3 iyun tarixində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvü olan 30-a yaxın sahibkarın iştirakı ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) universitet-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib.

Tədbir çərçivəsində iştirakçılar ilk olaraq universitetdə ekskursiyada iştirak edərək UNEC-in infrastrukturu, auditoriyaları, tədris imkanları və həyata keçirilən layihələrlə yaxından tanış olublar.

Daha sonra universitet-biznes əməkdaşlığının inkişaf perspektivlərinə həsr olunmuş görüş baş tutub. Tədbirdə çıxış edən UNEC-in rektoru Ədalət Muradov universitetdə tədris olunan ixtisaslar, təhsil imkanları, universitetin fəaliyyəti və biznes qurumları ilə əməkdaşlığın əhəmiyyəti barədə ətraflı məlumat verib.

İCMA-nın İdarə Heyətinin sədri və Marsol Groupun təsisçisi Tural Mustafayev təhsil sektoru ilə əməkdaşlığın biznes mühitinin inkişafındakı rolundan danışıb. O, tələbələrin təhsil müddətindən başlayaraq biznes dünyasına hazırlanmasını hədəfləyən, İCMA və Marsol Academy tərəfindən həyata keçirilən “Təhsildən Biznesə Karyera Yolu” layihəsi haqqında məlumat verib.

Görüş zamanı ali təhsil müəssisələri ilə biznes sektoru arasında əməkdaşlıq imkanları, tələbələrin peşəkar inkişafı və əmək bazarına inteqrasiyası istiqamətində fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum təhsil və biznes arasında əlaqələrin daha da gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, tələbələrin təcrübə və karyera imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlığın inkişafını nəzərdə tutur.

Sonda UNEC-in rektoru Ədalət Muradova xatirə hədiyyəsi təqdim olunub.

Digər xəbərlər

İCMA ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi görüş

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (təlim)

Qax Rayon İcra Hakimiyyətinin başçısı ilə görüş baş tutub