Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir

Cari ilin 8-9 oktyabr tarixlərində, İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə ilk dəfə Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir.

İnvestisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana xarici sərmayələrin cəlb edilməsini təşviq etmək məqsədi daşıyan tədbir, forum konfrans və sərgi olmaqla iki hissədən ibarətdir. Sərgi hissəsində Azərbaycandan və xarici ölkələrdən olan şirkətlərin istehsal etdiyi halal məhsul və xidmətlər nümayiş olunur. Sərgidə nümayiş olunan məhsullar əsasən qida, tekstil, xidmət, İKT və təhsil sektorlarını əhatə edir.

Həmçinin forum çərçivəsində erməni işğalı zamanı Qarabağın maddi-mədəni irsinə, regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən zərər haqqında məlumatların geniş ictimaiyyətə çatdırılması məqsədilə Qarabağ Dirçəliş Fondunun “Qarabağda urbisid” fotosərgisi də nümayiş olunur.

Qeyd edək ki, tədbirdə müxtəlif ölkələrdən halal standartlarının tətbiqi sahəsində nüfuzlu ekspertlərin və sənaye təhlilçilərinin müzakirələri baş tutub, dünyanın müxtəlif regionlarından olmaqla, 20-yə yaxın ölkədən rəsmi şəxslər, mütəxəssislər, akademik dairələrin və beynəlxalq təşkilatların nümayəndələri, eləcə də İCMA üzvləri iştirak edib.

İCMA haqqında sualınız var ?

Ən qısa zamanda cavablandıraq