Anım Gününə həsr olunmuş qanvermə aksiyası
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, “Marsol Group”, “Məlhəm Beynəlxalq Hospital”, Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Mərkəzi Qan Bankının tərəfdaşlığı ilə könüllü qanvermə aksiyası keçirilib.
27 Sentyabr - Anım Gününə həsr olunmuş “Bir damla qan, min ümidə can” devizi ilə keçirilən qanvermə aksiyası üç ünvanda – “Bakı KOB evi”, “Məlhəm Beynəlxalq Hospital”ı və Mərkəzi Qan Bankında təşkil olunub.
Korporativ sosial məsuliyyət tədbirləri çərçivəsində təşkil olunan aksiyaya qoşulan sahibkarlar və şirkət əməkdaşları, eləcə də KOBİA, İCMA və “Marsol Group”un nümayəndələri, ümumilikdə gün ərzində 500-ə yaxın şəxs qan verib. Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.
Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.
Aksiyada könüllü olaraq iştirak edən bütün sahibkarlara və şirkət əməkdaşlarına təşəkkürlərimizi bildiririk.