Oktyabrın 16-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, “Marsol Group”, “Məlhəm Beynəlxalq Hospital”, Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Respublika Qan Bankının tərəfdaşlığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Bir damla qan, min ümidə can” devizi altında keçirilən qanvermə aksiyasında fəallıq göstərən şirkət rəhbərləri ilə görüş baş tutub.
Görüşdə İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev və Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev də iştirak ediblər. Tədbir çərçivəsində İCMA ilə Respublika Qan Bankı arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədin məqsədi könüllü qan donorluğunun təşviqi, sosial məsuliyyət layihələrinin birgə həyata keçirilməsi və korporativ donorluq mədəniyyətinin inkişafına dəstək verməkdir.
Tədbir zamanı həmçinin qanvermə aksiyasında 20-dən çox əməkdaşı ilə fəal iştirak edən şirkət rəhbərlərinə KOBİA və İCMA adından təşəkkürnamələr təqdim olunub.
Qeyd edək ki, artıq ikinci dəfə təşkil olunan aksiya bu il daha geniş miqyasda baş tutub. Belə ki, qanvermə aksiyası 25–26 sentyabr tarixlərində Bakı ilə yanaşı, Şəki, Lənkəran və Xaçmazda da təşkil olunub.
Aksiyada ümumilikdə Bakı və regionlar daxil olmaqla 800-ə yaxın şəxs qan verib. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.





